Sual-cavabƏlituran Hüseynzadə · 09.10.2026

Valideynlərin sualları — uşaq cərrahı Dr. Əlituran Hüseynzadə cavablayır

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: sunnetmerkezi.az/suallar/

«Video» nişanlı suallara Dr. Hüseynzadə Instagram-da videoda da cavab verib: videonu cavabın yanında tapa bilərsiniz. Həkim, özünüzü təqdim edərdiniz? Video Salam. Mən Əlituran Hüseynzadə, uşaq cərrahıyam. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra uşaq cərrahiyyəsi ixtisası üzrə təhsil almışam. Təhsil illərində Belarusda və Türkiyədə təkmilləşmə kursları keçmişəm. Yeddi ildən artıqdır ki, uşaq cərrahiyyəsi sahəsində çalışıram. Hazırda Bakıda Kraton Clinic-də çalışıram; bununla yanaşı Masallı, Gəncə, Quba və Qusar rayonlarında da qəbul aparıram.

Məşğul olduğum sahə uşaq cərrahi və uşaq uroloji xəstəlikləridir: xayanın enməməsi (kriptorxizm), hipospadiya — xalq arasında «anadangəlmə sünnətli», «peyğəmbər sünnətli» də deyilir — appendisit, qasıq yırtığı, göbək yırtığı, sünnət, varikosel, qıl dönməsi, dermoid kista və dəridə olan digər törəmələr, invaginasiya, qəbizlik, sidik qaçırma, batıq penis, xayada kista və digər cərrahi patologiyalar. Həkimin videocavabı Instagram-da baxın İdeal sünnət yaşı neçədir? Video Biz daha erkən yaşları məsləhət görürük. İki həftə ilə iki ay arası həm sağalma, həm uşağın psixologiyası, həm də valideynin qulluğu baxımından ən uyğun dövrdür. Praktikamızda bu yaş aralığını əsas götürürük; tibbi ədəbiyyatda da sünnətin daha erkən yaşda aparılması tövsiyə olunur.

İki yaşla beş yaş arasında sünnəti, xüsusən yerli keyləşdirmə ilə — uşaq oyaq olduğu halda — psixoloqlar məsləhət görmür. Bu yaşda olan uşaqları sedasiya ilə, yəni uşaq yatmış vəziyyətdə sünnət etmək olar. Adətən bir yaşdan böyük uşaqları sedasiya ilə, aylıq körpələri isə yerli keyləşdirmə ilə — körpə oyaq vəziyyətdə — sünnət edirik. Həkimin videocavabı Instagram-da baxın Sünnət nəyə lazımdır? Video

Sünnət həm dini inanclara görə vacib sayılır, həm də onun tibbi faydaları var. Elmi araşdırmalarda sünnət sidik yolu infeksiyaları, bəzi cinsi yolla keçən infeksiyalar — o cümlədən QİÇS-ə səbəb olan HİV — və penis xərçəngi riskinin azalması ilə əlaqələndirilir. Bundan əlavə, sünnət olunmamış uşaqlarda bəzən sünnət dərisinin ucu daralır, sidiyə çıxmaq çətinləşir; ağrı, narahatlıq və iltihab yarana bilər. Ona görə sünnət olunmuş uşaqlarda gigiyena daha asan olur və bu cür problemlərlə daha az rastlaşılır. Həkimin videocavabı Instagram-da baxın Uşağın yanlış sünnət olunduğunu necə bilmək olar və bunu düzəltmək mümkündürmü? Video Təəssüf ki, bəzən bu sahə ilə məşğul olmayan, ixtisasca uşaq cərrahı və ya uşaq uroloqu olmayan şəxslər də sünnət edir və nəticədə yanlış sünnətlərlə qarşılaşırıq.

Yanlış sünnət müxtəlif formada olur. Bəzən sünnət dərisi həddindən artıq uzun saxlanılır: dəri uzun qaldığı üçün sağalma dövründə çapıqlaşıb daralır və uşaqda yenidən narahatlıq yaranır. Bəzən dəri düzgün kəsilmir, əyri kəsilir — uşaq cərrahı baxan kimi bunu görür, estetik görünüş pozulmuş olur. Daha ağır hallarla da rastlaşırıq: bəzən kütləvi aksiyalar zamanı sünnət çox dərindən, hətta penisin baş hissəsinə qədər kəsilir. Bu halların bərpasını biz icra edirik. Dəri uzundursa və ya həddindən artıq kəsilibsə, xaya torbasının və ya qasıq nahiyəsinin dərisindən istifadə edərək plastik əməliyyatla düzəltmək mümkündür. Daha dərindən kəsilmiş sünnətlər isə çox təcili əməliyyat olunmalıdır: gecikdikdə həmin toxuma nekroza, yəni çürüməyə uğrayır və bundan sonra bərpası demək olar ki, mümkün olmur. Həkimin videocavabı Instagram-da baxın Sünnətdən sonra nə etmək olar, nə olmaz? Video

Sünnətdən sonra valideynlərə resept veririk. Bu reseptlər yalnız sünnət yarasının sağalması üçündür: antiseptik maddələr və məlhəmlər yazılır, valideyn onlardan göstərişə uyğun istifadə etməlidir. Nə olmaz? Bəzən valideynlər sünnətdən sonra uşağı daha çox bələyir, üstünü sıx örtürlər. Havasız mühitdə qalmaq yaranın infeksiyalaşmasını ağırlaşdırır. Düzgün baxım mütləqdir: uşaq nəcis ifraz edə, tez-tez sidiyə gedə bilər — bu zaman həmin dərmanları yenidən tətbiq etmək lazımdır ki, infeksiya yaranmasın. Bəzən batıq penisi olan uşaqları bilmədən sünnət edirlər. Belə hallarda sünnətdən sonra dəri çapıqlaşıb yığıla bilər. Bu uşaqlara sünnət masajı məsləhət görülür: təxminən 40–50 gün ərzində sünnət dərisini aşağı çəkməklə penisin baş hissəsini çölə çıxarıb masaj etmək lazımdır ki, sağalma dövründə daralma yaranıb sonradan problem yaratmasın. Masaj həkimin göstərişi ilə aparılır.

Həkimin videocavabı Instagram-da baxın Sünnət əməliyyatından sonra valideyn bu əməliyyatın uğurlu olub-olmadığını necə bilə bilər? Video Uğurlu sünnət — düzgün və estetik aparılan, uşağın ağrı və travma yaşamadığı sünnətdir. Birincisi, uşağın yaşı nəzərə alınır. Böyük yaşlı uşaq qorxursa, sünnət sedasiya, yəni yüngül yuxu şəraitində edilməlidir ki, travma almasın. İkincisi, sünnət dərisi düzgün kəsilməlidir. Bəzən dərini çox kəsirlər — bu, gələcəkdə dartınmalara və ağrılara səbəb olur. Bəzən də əyri kəsirlər. Dəri penisin ölçüsünə uyğun və ereksiya zamanı uzanma nəzərə alınaraq elə kəsilməlidir ki, gələcəkdə narahatlıq yaratmasın.

Sünnət nahiyəsində həm xarici dəri, həm də çəhrayı rəngdə daxili qat olur; onların simmetriyası qorunmalıdır. Baş tərəfdə təxminən 0,5–1 santimetr daxili qat saxlanılır, digər tərəfdən isə dəri penisin ölçüsünə uyğun saxlanılır. Bir sözlə, uğurlu sünnət ağrısız, travmasız və estetik sünnətdir. Həkimin videocavabı Instagram-da baxın Valideyn hansı hallarda uşaq cərrahına müraciət etməlidir? Video Əvvəlcə qeyd etmək istəyirəm ki, uşaq cərrahiyyəsində təcili hallar var və onların ən çox rast gələni qarın ağrısıdır. Uşaqda qarın ağrısı başlayırsa, ağrıkəsici verib «keçəcək» demək olmaz. Bəzən bu ağrı çox sürətlə inkişaf edib daha böyük cərrahi problem yarada bilər. Məsələn, appendisit qısa müddət ərzində ağırlaşa və əməliyyatın həcmini genişləndirə bilər. Qarın ağrısını «adi ağrıdır» deyib keçmək olmaz.

İkincisi, uşaqda görünən şişkinliklər. Göbək nahiyəsində şişkinlik göbək yırtığı ola bilər — bu zaman uşaq cərrahına müraciət etmək lazımdır. Qasıq nahiyəsində və xayalarda da şişkinlik ola bilər. Hipospadiya deyilən bir diaqnoz da var: sünnətin quruluşu düzgün olmur, sidik kanalı aşağıda yerləşir. Hər hansı narahatlıq varsa, uşaq cərrahına müraciət etmək lazımdır. Ümumiyyətlə, uşaq yeni doğulduqda uşaq cərrahı müayinəsi mütləq lazımdır. Ondan sonra isə altı aydan bir həkim müayinəsindən keçmək lazımdır. Həkimin videocavabı Instagram-da baxın Sünnət hansı hallarda narkozsuz edilir və müasir dövrdə narkoz uşaq üçün nə dərəcədə təhlükəsizdir? Video

Sünnətin yerli keyləşdirmə ilə, yoxsa narkozla ediləcəyinə uşağı müayinə etdikdən sonra qərar veririk. Daha körpə uşaqları, bir yaşa qədər olanları adətən yerli keyləşdirmə ilə sünnət edirik. Bir yaşdan böyük, təxminən altı-yeddi yaşa qədər uşaqları isə əsasən sedasiya, yəni yüngül narkoz ilə edirik, çünki bu yaşda uşaqlar qorxa, həyəcan keçirə və travma ala bilərlər. Altı-yeddi yaşdan böyük uşaqlarla isə əvvəlcə söhbət edirik: uşaq əməliyyatdan qorxmursa, sakit uzanıb «mən əməliyyatdan qorxmuram» deyirsə, sünnəti yerli keyləşdirmə ilə, yəni narkozsuz da etmək mümkündür.

Müasir dövrdə narkoz dərmanları da inkişaf edib. Əvvəllər eyni narkoz dərmanları həm böyüklər, həm uşaqlar üçün istifadə olunurdusa, indi uşaqlar üçün nəzərdə tutulmuş, daha təhlükəsiz və daha rahat dərmanlar var. Klinikamızda uşaq anesteziyasına uyğun dərmanlar və uşaq anestezioloqu var; uşağın narkozu daha rahat və etibarlı şəkildə aparılır. Həkimin videocavabı Instagram-da baxın Uşaqlarda qasıq yırtığı nə üçün yaranır? Video

Uşaqlarda qasıq yırtığı anadangəlmə olur. Oğlan uşaqlarında xaya ana bətnində qarın boşluğunda, böyrəyin yan hissəsində formalaşır və qarın boşluğundan xaya torbasına doğru enir. Enərkən qasıq kanalının içində bir yol yaranır. Normalda bu yol uşaq doğulana qədər bağlanmalıdır. Bəzən müəyyən səbəblərdən bağlanmır və açıq qalmış yoldan qarın boşluğu orqanları — bağırsaqlar, piylik — həmin yolun içərisinə daxil olur. Buna yırtıq deyirik; qasıqda şişkinlik yaranır. Yaranma mexanizmi belədir. Həkimin videocavabı Instagram-da baxın Qasıq yırtığı niyə təhlükəlidir? Əməliyyat gecikdirilərsə, hansı fəsadlar yarana bilər? Qarın boşluğu orqanlarından biri — məsələn, bağırsaq, qız uşaqlarında isə əsasən yumurtalıq — yırtığa daxil olarkən bəzi hallarda boğulur. Buna boğulmuş qasıq yırtığı deyirik. Boğulma nəticəsində həmin orqanın qan dövranı azalır və toxuma nekroza, yəni çürüməyə gedə bilər.

Təhlükəli olmasının səbəbi budur: boğulmuş qasıq yırtığı gecikdirilməməlidir, altı-səkkiz saat ərzində əməliyyat icra olunmalıdır. Əks halda qansızlaşma nəticəsində toxuma ölür və geri dönməz vəziyyət yarana bilər: həm oğlan, həm də qız uşaqlarında bağırsaq çürüyüb deşilə bilər; qız uşaqlarında isə daha çox yumurtalığın boğularaq qansızlaşması və itirilməsi ilə rastlaşırıq. Göbək yırtığı öz-özünə sağala bilərmi, yoxsa əməliyyat olunmalıdır? Video Göbək yırtıqlarının adətən iki yaşına qədər öz-özünə bağlanma ehtimalı var. Yırtıq kiçikdirsə, beş yaşına qədər də gözləmək olar. Lakin iki yaşdan böyük uşaqda yırtıq böyükdürsə, əməliyyata göstəriş var. Beş yaşına qədər bağlanmamış yırtıq isə — kiçik də olsa, böyük də — əməliyyat tələb edir. Həkimin videocavabı Instagram-da baxın Oğlan uşaqlarında xayaların yerində olmaması nə qədər ciddi problemdir və nə vaxt müalicə olunmalıdır? Video

Uşaq doğulanda xayaları artıq yerində olmalıdır. Bəzən xayalar yerində olmur — qarın boşluğunda və ya qasıq nahiyəsində qalır. Altı aya qədər gözləmək olar; altı aydan bir yaşa qədər isə əməliyyat olunmalıdır. Bir yaşdan sonra edilən xaya əməliyyatları gecikmiş dövr sayılır. Səbəbi budur: xayaların normal inkişafı üçün bədən temperaturundan iki-üç dərəcə aşağı mühit lazımdır və bu mühit xaya torbasının içərisindədir. Xaya yuxarıda qaldıqda istinin təsirindən inkişafı zəifləyir; gələcəkdə nəsil artırmaq üçün vacib olan toxum hüceyrələrinin formalaşması pozulur. Ona görə bu uşaqlara «beş yaşına gözləyin, düzələcək», «üç yaşına gözləyin», «on yaşına gözləyin» demək qətiyyən olmaz. Bir yaş tamam olubsa, uşaq əməliyyat edilməlidir. Daha gecikmiş yaşlarda, xüsusən 12 yaşdan sonra yuxarıda qalan xaya inkişafdan qalır, atrofiyaya uğrayır və şişə çevrilmə riski yaranır. Ona görə gecikdirmək olmaz.

Həkimin videocavabı Instagram-da baxın Valideynlərə bir məsləhət verməli olsanız, uşağın sağlamlığı ilə bağlı ən vacib tövsiyəniz nə olardı? Video Ən vacib tövsiyəm yad cisimlərlə bağlıdır — bizim rastlaşdığımız ən ağır hallar uşaqların əşya udmasıdır. Şarikli maqnitlər: bəzən uşaqlara oynamaq üçün verirlər. Uşaq onları şirniyyat, noğul zənn edib udur. Udulmuş maqnitlər bağırsaqların ayrı-ayrı hissələrində olur və bir-birinə yapışır, bağırsaq divarını sıxır. Sıxılma nəticəsində bağırsaq deşilir — bu, çox ağır nəticələrə gətirib çıxara bilər. Daha da qorxulusu batareya daşlarıdır — düymə tipli batareyalar. Udulduqdan sonra ağızda, hətta qida borusunda ilişib qala bilər və qısa müddətdə orada kimyəvi reaksiya gedir: qida borusunu yandırıb deşə, hətta yaxınlıqdakı əsas magistral damarları zədələyə bilər.

Ona görə məsləhətim: körpə yaşlı — iki-üç yaşlı uşaqlara bu əşyaları almasınlar, ümumiyyətlə yaxın buraxmasınlar. Şarikli maqnitləri ümumiyyətlə almasınlar, batareyaları isə uşağın əli çatmayacaq yerdə saxlasınlar. Həkimin videocavabı Instagram-da baxın