XidmətƏlituran Hüseynzadə · 09.10.2026
Uşaq maqnit və ya batareya uddu: nə etməli | Dr. Əlituran Hüseynzadə
Həkimin ən vacib tövsiyəsi
Dr. Hüseynzadə valideynlərə ən vacib tövsiyəsini məhz bu mövzuda verir: rastlaşdığı ən ağır hallar uşaqların yad cisim, xüsusən maqnit və batareya udmasıdır. Şarikli maqnitlər. Bəzən uşaqlara oynamaq üçün verilir; uşaq onları şirniyyat və ya noğul zənn edib udur. Udulmuş maqnitlər bağırsaqların ayrı-ayrı hissələrində bir-birini cəzb edir, bağırsaq divarını sıxır və deşilməyə səbəb ola bilər. Düymə tipli batareyalar. Daha da təhlükəlidir: ağızda və ya qida borusunda ilişib qala bilər və qısa müddətdə yerində yaranan kimyəvi reaksiya toxumanı yandırır, qida borusunu deşə və yaxınlıqdakı əsas damarları zədələyə bilər.
Uşaq yad cisim uddusa — nə etməli
Əlamət olmasa belə, gözləmədən ən yaxın xəstəxanaya müraciət edin. Mümkünsə, udulan əşyanın eynisini və ya qablaşdırmasını özünüzlə götürün. Uşaqda öskürək, nəfəs darlığı, udqunmada çətinlik, ağız suyunun axması, qusma, qarın ağrısı varsa — vəziyyət daha təcilidir.
Necə qorunmalı
Kiçik yaşlı — iki-üç yaşlı — uşaqlara şarikli maqnit oyuncaqlar almayın. Düymə batareyaları, onlarla işləyən pultları, tərəziləri, oyuncaqları uşağın əli çatmayan yerdə saxlayın; batareya yuvasının qapağının möhkəm bağlandığını yoxlayın. Köhnə batareyaları dərhal atın — zibil qabında da uşaq üçün əlçatan olmasın.