Sual-cavabQafar Tağıyev · 11.10.2026

Tez-tez verilən suallar

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: drqafar.az/suallar/

Mirvari suyu, qara su, diabetik retinopatiya, makula degenerasiyası, göz dibi əməliyyatları, zəif görmə və qəbul haqqında suallar və cavablar.

Həkim cavablayır

Dr. Qafar Tağıyev kimdir? Mən Tağıyev Qafar Nəbi oğluyam — tibb üzrə fəlsəfə doktoru, oftalmoloq. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında şöbə müdiri vəzifəsində çalışıram. Video-cavab Oftalmoloq, PhD. Dr. Qafar Tağıyev kimdir? 13 iyul 2026 · 53 san YouTube-da izləyin Hansı təhsili almısınız və filialda hansı müayinələr aparılır? 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirmişəm. Sonra Rusiya Federasiyasında internatura, ordinatura və aspirantura keçmişəm, 2014-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında standart oftalmoloji müayinələrlə yanaşı perimetriya, ultrasəs müayinəsi, optik koherent tomoqrafiya, optik koherent tomoqrafiya-angioqrafiya və digər göz müayinələri aparılır.

Video-cavab Oftalmoloq, PhD. Dr. Qafar Tağıyev kimdir? 13 iyul 2026 · 53 san YouTube-da izləyin Şəkər xəstəliyi gözdə hansı fəsadlar yaradır və bunun müalicəsi varmı? Şəkər xəstəliyinin gözdə yaratdığı fəsad diabetik retinopatiya adlanır. Bütün orqanlarda olduğu kimi, diabet gözdə də damarların, xüsusən torlu qişanın damarlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə torlu qişa kifayət qədər qidalana bilmir, «ac qalır» və sonda görmə itə bilər. Diabetik retinopatiya bizim mərkəzdə müalicə olunur. Əsas müalicə üsulları bunlardır: intravitreal, yəni gözdaxili inyeksiyalar (gözə vurulan iynələr), torlu qişanın lazer koaqulyasiyası (torlu qişanın lazerlə «yandırılması») və vitrektomiya əməliyyatı. Video-cavab Şəkər xəstəliyi gözdə hansı fəsadlar yaradır? 13 iyul 2026 · 1 dəq 7 san YouTube-da izləyin Gözdə «qara su» nədir? Müayinəsi və müalicəsi varmı?

El arasında «qara su» deyilən xəstəlik qlaukomadır. Bu, gözdaxili təzyiqin artması ilə gedən və görmə sinirinin atrofiyasına gətirib çıxaran çox təhlükəli xəstəlikdir. Pis cəhəti odur ki, adətən heç bir ağrı və ya başqa əlamətlə özünü büruzə vermir və yalnız oftalmoloji müayinə zamanı aşkarlana bilir. Gec aşkarlandıqda korluğa səbəb ola bilər. Müayinə ilk növbədə gözdaxili təzyiqin ölçülməsindən ibarətdir. Bundan başqa görmə sahəsi yoxlanılır, görmə sinirinin optik koherent tomoqrafiyası aparılır.

Müalicədə əsas məqsəd gözdaxili təzyiqi aşağı saxlamaqdır. Bunun üçün konservativ, yəni damcı müalicəsi tətbiq olunur. Damcılar kömək etmədikdə gözdaxili təzyiqi salmaq üçün cərrahi əməliyyat aparılır. Əməliyyatın bir neçə növü var və seçim xəstəliyin növündən asılıdır. Bütün göz əməliyyatları kimi bu əməliyyat da ağrısız aparılır. Əməliyyatın məqsədi gözdaxili təzyiqi normaya salmaq və bununla görmə sinirinin sonrakı zədələnməsini dayandırmaqdır. Qlaukoma tam sağalan xəstəlik olmadığı üçün müayinə ömür boyu, müəyyən vaxtlarda aparılır. Video-cavab Gözdə «qara su» nədir? 15 iyul 2026 · 1 dəq 45 san YouTube-da izləyin Yaşla əlaqədar hansı göz xəstəlikləri yaranır?

Yaşa bağlı makula degenerasiyası çox geniş yayılmış xəstəlikdir və adətən 50–55 yaşdan sonra yaranır. Bu xəstəliyin iki forması var: quru və yaş. Quru forma adətən xüsusi müalicə tələb etmir. Yaş formada isə torlu qişanın altında yeni damarlar yaranır və bu damarlar torlu qişanın degenerasiyasına gətirib çıxarır. Buna görə yaş forma intravitreal inyeksiyalarla müalicə olunur. Video-cavab Göz dibi xəstəliyinin müalicəsi ilə bağlı 15 iyul 2026 · 43 san YouTube-da izləyin Qərb bölgəsində hansı göz xəstəlikləri daha çox yayılıb?

Ümumilikdə bizim bölgəyə xas olan, burada daha çox yayılan konkret bir göz xəstəliyi yoxdur. Problem ondadır ki, bizim bölgədə pasiyentlər həkimə çox gec — xəstəliklərin son mərhələlərində müraciət edirlər və buna görə həmişə istədiyimiz nəticəni almaq mümkün olmur. Pasiyentlərdən xahişim budur ki, 40–45 yaşdan sonra ən azı ildə bir dəfə oftalmoloq müayinəsinə gəlsinlər. Video-cavab Qərb bölgəsində sıx rastlanan göz xəstəlikləri 19 iyul 2026 · 42 san YouTube-da izləyin Mirvari suyu kataraktanın el arasındakı adıdır. Adına görə çox pasiyent onu gözdən su gəlməsi, su ilə bağlı nəsə kimi təsəvvür edir. Əslində katarakta gözün daxilində yerləşən büllurun, yəni təbii linzanın bulanmasıdır. Yaşla əlaqədar şəffaf büllurumuz bulanır, torlu qişaya düşən işıq azalır və insan zəif görməyə başlayır.

Əməliyyat zamanı bulanmış büllur xaric edilir və gözün içinə süni büllur implantasiya olunur. Bundan sonra gözə işıq yenidən normal qaydada düşür və görmə yaxşılaşır. Video-cavab Mirvari suyu nədir? 15 iyul 2026 · 57 san YouTube-da izləyin Göz dibi əməliyyatı nədir və hansı hallarda aparılır? Göz dibi əməliyyatları gözün torlu qişasında və şüşəvari cismində aparılan əməliyyatlardır. Bu əməliyyatlar diabetik retinopatiyanın son mərhələlərində, torlu qişanın regmatogen qopmasında, epimakulyar membranda, şüşəvari cismə qansızmada və bir çox digər xəstəliklərdə aparılır. Bu əməliyyatlar — vitrektomiya — Gəncə filialında aparılır. Əməliyyat zamanı skleradan üç kiçik dəlik açılır. Bu dəliklərdən şüşəvari cisim xaric edilir və torlu qişada lazımi manipulyasiyalar aparılır: torlu qişa qopubsa, yerinə yapışdırılır, qansızmalar təmizlənir və digər prosedurlar icra olunur.

Katarakta əməliyyatından fərqli olaraq göz dibi əməliyyatları bir qədər uzun çəkir və sağalma bir qədər gec baş verir. Bəzən pasiyentdən əməliyyatdan sonra müəyyən vaxt üzüaşağı uzanmaq və ya başını müəyyən tərəfə tutmaq tələb olunur. Ümumilikdə bu dövr bir neçə həftəyə qədər davam edə bilər. Katarakta əməliyyatından sonra olduğu kimi, vitrektomiyadan sonra da pasiyentlərdə adətən ağrı olmur. Sağalma bir qədər uzun çəkə bilər, amma bu, pasiyentin gündəlik həyatına ciddi təsir göstərmir. Mirvari suyu əməliyyatı necə aparılır və sonra nə gözləməli? Katarakta əməliyyatı təxminən 10–15 dəqiqə çəkir. Gözün buynuz qişasında təxminən 2 millimetrlik kəsik açılır, bəbək genəldilmiş vəziyyətdə bulanmış büllur gözün içindən xaric edilir və onun yerinə qatlanmış linza implantasiya olunur; linza gözün içində açılır. Sağalma bir neçə gün çəkir və böyük reabilitasiya tələb etmir.

Video-cavab Mirvari suyunun əməliyyatı və sonrası 19 iyul 2026 · 39 san YouTube-da izləyin Standart göz müayinəsində hansı aparatlardan istifadə olunur? Standart oftalmoloji müayinələrimiz xüsusi otaqda aparılır. Tonometriya aparatı ilə gözdaxili təzyiq ölçülür. Avtorefraktometr gözün refraksiyasını — mənfi və ya müsbət olmasını, astiqmatizmi — təyin edir. Vizometriya ilə gözün görmə itiliyi yoxlanılır. Şırım lampası isə gözün görünən bütün təbəqələrini müayinə etmək üçün istifadə olunan mikroskopdur. Video-cavab Göz müayinə aparatları təqdimatı 16 iyul 2026 · 30 san YouTube-da izləyin Zəif görmə nədir və kimlərdə olur?

Zəif görmə hər kəsdə ola bilər. Çox vaxt zəif görmə dediyimiz refraksiya pozğunluqlarıdır: əsasən miopiya, astiqmatizm və hipermetropiya. Bəzən insanlar uşaqlıqdan zəif görür və bunun fərqinə varmırlar. Ona görə görmə müayinələri uşaq yaşlarından başlayaraq — əvvəlcə bağçada, sonra məktəbdə, daha sonra isə böyük yaşlarda da — aparılmalıdır. Ən çox yayılmış görmə zəifliyi miopiyadır. Miopiya gözdə refraksiya qüsurudur — gözdə «mənfi» olur; sadə desək, gözün ölçüsü normadan uzun olur. Bu, çox vaxt genetik ola bilir və son zamanlar ən geniş yayılmış problemdir. Yaxşı görmək üçün eynək, kontakt linza taxmaq və ya refraksion əməliyyatlarla bu qüsuru aradan qaldırmaq olar.

Miopiyası olan pasiyentlərdə göz dibində çox vaxt dəyişikliklər müşahidə olunur. Bəzən bu dəyişikliklər — torlu qişanın nazilmələri, yəni distrofiya və degenerasiyalar — ciddi olur, bəzən də göz dibində yırtıqlar yaranır. Belə yırtıq torlu qişanın qopmasına gətirib çıxara bilər, ona görə profilaktik olaraq yırtığın ətrafında baryer lazer koaqulyasiyası aparılır. Məsələn, miopiyası olan və torlu qişasının periferiyasında yırtıq aşkarlanan pasiyentdə məhz belə prosedur — torlu qişanın baryer lazer koaqulyasiyası — apardıq. Video-cavab Zəif görmə nədir? Kimlərdə olur? 19 iyul 2026 · 1 dəq 57 san YouTube-da izləyin

Ümumi suallar

Diabet varsa göz dibini nə qədər tez-tez yoxlatmaq lazımdır? Şəkərli diabetiniz varsa, görmədə zəifləmə hiss etməsəniz belə ildə ən azı bir dəfə göz dibi müayinəsindən keçməlisiniz. Retinopatiya aşkarlanıbsa, nəzarət daha sıx aparılır — tezliyini həkim xəstəliyin mərhələsinə görə müəyyən edir. Torlu qişanın qopmasının hansı əlamətləri təcili müraciət tələb edir? Göz qabağında işıq çaxmaları, qəfil yaranan və ya birdən çoxalan «milçəklər», görmə sahəsinin bir hissəsini örtən pərdə və ya kölgə. Bu əlamətlər yaranarsa, gözləmədən oftalmoloqa müraciət edin: müalicə gecikdikcə görmə itkisi qalıcı ola bilər. Vaxtından əvvəl doğulmuş körpənin gözləri niyə yoxlanılmalıdır?

Belə körpələrdə torlu qişa damarlarının inkişafı pozula bilər (prematür retinopatiya, ROP). Bu vəziyyət xaricdən heç bir əlamət vermir və yalnız oftalmoloqun göz dibi müayinəsi ilə aşkarlanır. Müayinənin vaxtını neonatoloq və oftalmoloq müəyyən edir. Gəncə filialında körpələrdə göz dibi (ROP) müayinəsini Dr. Qafar Tağıyev aparır. Uşağın gözlərini nə vaxt yoxlatmaq lazımdır? Görmə müayinələri bağça yaşından başlamalı, məktəb illərində və sonra da müntəzəm davam etməlidir. Uşaqda aşağıdakı əlamətlər varsa, növbəti planlı müayinəni gözləmədən uşaq oftalmoloquna müraciət edin: uzağa baxanda gözlərini qıyması, çəplik, gözlərin tez-tez qızarması və yaşarması, gözlərini çox ovuşdurması, əşyaları gözünə çox yaxın tutması, başını əyərək baxması, göz bəbəyinin ağ görünməsi. Vaxtından əvvəl doğulmuş uşaqlar və ailəsində görmə xəstəlikləri olanlar xüsusi diqqət tələb edir.

Keratokonus buynuz qişanın — gözün ön şəffaf qişasının — tədricən nazilib konus şəklində qabarmasıdır; miopiya və qeyri-müntəzəm astiqmatizmə səbəb olur. Adətən yeniyetməlik və gənc yaşda başlayır. Müalicə mərhələdən asılıdır: sərt qazkeçirici kontakt linzalar, xəstəliyin irəliləməsini dayandırmaq üçün korneal kross-linkinq (riboflavin və ultrabənövşəyi şüa ilə buynuz qişanın möhkəmləndirilməsi), buynuz qişaya yerləşdirilən halqalar, irəliləmiş hallarda isə buynuz qişanın köçürülməsi (keratoplastika). Gözə zədə dəyəndə nə etməli? Kimyəvi maddə düşərsə: gözü dərhal bol təmiz su və ya fizioloji məhlulla ən azı 15–20 dəqiqə yuyun və təcili tibbi yardıma müraciət edin. Kəsici və ya deşici zədədə: gözü sıxmayın və ovuşdurmayın, gözə batmış əşyanı çıxarmağa çalışmayın; gözü mümkünsə sərt qoruyucu ilə örtüb dərhal oftalmoloji yardıma müraciət edin.

Göz zədələri təcili müdaxilə tələb edən hallardır. Qəbula necə yazılmaq olar? Saytdakı «Qəbula yazılın» formasını doldurun — sorğu WhatsApp vasitəsilə göndərilir. Həkimə zəng etmək və ya WhatsApp ilə yazmaq üçün aşağıdakı düymələrdən istifadə edin. Ünvan: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi, 62. Qəbul saatları: Bazar ertəsi–Cümə 09:00–15:00, Şənbə 09:00–13:00. Müayinəyə nə gətirmək lazımdır? Şəxsiyyət vəsiqəsi, əvvəlki müayinə və analiz nəticələri (varsa), istifadə etdiyiniz dərmanların siyahısı, eynəyiniz və ya kontakt linzanız. Göz dibi müayinəsindən sonra bir neçə saat görmə bulanıq ola bildiyi üçün həmin gün maşın sürməməyiniz məsləhətdir.