Xəstəlik haqqındaQafar Tağıyev · 11.10.2026

Katarakta («mirvari suyu»)

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: drqafar.az/xestelikler/katarakta/

Katarakta — el arasında «mirvari suyu» — gözün daxilində yerləşən təbii linzanın, yəni büllurun bulanmasıdır. Adına görə çox pasiyent onu gözdən su gəlməsi ilə əlaqələndirir, amma xəstəliyin su ilə əlaqəsi yoxdur. Yaşla bağlı olaraq şəffaf büllur bulanır, torlu qişaya düşən işıq azalır və insan zəif görməyə başlayır.

Hansı əlamətlər ola bilər?

görmənin tədricən dumanlanması və ya bulanması; rənglərin əvvəlkindən solğun görünməsi; parlaq işıqdan və gecə faralardan qamaşma; eynək nömrəsinin tez-tez dəyişməsi. Bu əlamətlər başqa göz xəstəliklərində də ola bilər; dəqiq diaqnoz yalnız göz müayinəsi ilə qoyulur.

Səbəblər

Katarakta ən çox yaşla bağlı inkişaf edir. Göz travmaları, şəkərli diabet, bəzi dərmanların (məsələn, uzunmüddətli steroid müalicəsinin) istifadəsi və anadangəlmə səbəblər də kataraktaya gətirib çıxara bilər.

Diaqnoz

Diaqnoz şırım lampası ilə müayinə (biomikroskopiya) zamanı qoyulur. Əməliyyat planlaşdırılarkən görmə itiliyi, gözdaxili təzyiq və göz dibinin vəziyyəti də qiymətləndirilir.

Müalicə

Kataraktanı dərmanla aradan qaldırmaq mümkün deyil. Erkən mərhələdə eynəyin dəyişdirilməsi müvəqqəti kömək edə bilər, lakin bulanmış büllurun yeganə müalicəsi əməliyyatdır: bulanmış büllur xaric edilir və yerinə süni büllur yerləşdirilir. Əməliyyatın vaxtı görmənin gündəlik həyata təsirinə görə həkimlə birlikdə seçilir. Əməliyyat haqqında ətraflı: Katarakta əməliyyatı