MəqaləMədinə Dilbazi

Diabetik ayaq baxımı: gündəlik qaydalar və təhlükə siqnalları | Dr. Mədinə Dilbazi

Bu mətn həkimin OTX tərəfindən hazırlanmış saytındandır və OTX bilik bazasında göstərilir. Tibbi məsləhəti əvəz etmir. Orijinal: endokrinoloqdilbazi.az/bloq/diabetik-ayaq-baximi/

Diabet sinirləri zədələyərək ayaqlarda hissiyatı azaldır; bəzən pasiyent ayağındakı yaradan xəbərsiz olur və o, gec aşkarlanır. Damar zədələnməsi və infeksiyaya meyl yaranın sağalmasını ləngidir. Bu səbəbdən amputasiyanın qarşısını almağın ən sadə yolu gündəlik baxımdır. Ayaqlarınızı, xüsusilə altını və barmaq aralarını yoxlayın — lazım olsa güzgüdən istifadə edin və ya yaxınlarınızdan kömək istəyin. Ilıq (təxminən 37 °C) su ilə yuyun; suyun temperaturunu əllə və ya termometrlə yoxlayın. Yumşaq dəsmalla, barmaq aralarını xüsusi diqqətlə qurulayın. Barmaq araları istisna olmaqla nəmləndirici krem çəkin ki, dabanlarda çat yaranmasın. Dırnaq və dəri: dırnaqları düz kəsin, kənarlarını hamarlayın; döyənəkləri və ölü dərini özünüz kəsməyin, döyənək dərmanları istifadə etməyin — mütəxəssisə müraciət edin.

Ayaqqabı: ayağa uyğun, rahat, yumşaq materialdan, barmaqları sıxmayan; qadınlar yay ayaqqabısında ucu açıq modellərdən çəkinməlidir; barmaq arası səndəllər geyinilməməlidir; səyahətdə rahat və hava keçirən ayaqqabı seçin. Heç vaxt çılpaq ayaqla — xüsusilə isti qumda, çimərlikdə, qayalıqda — gəzməyin. Dərhal həkimə müraciət edin, əgər: ayaqda qızartı, şişkinlik, yara, rəng dəyişikliyi, keyimə, yanma, batma, "qarışqa gəzmə" hissi yaranıbsa; ayaqda üç həftədən çox sağalmayan yara varsa (diabeti olmayan insanda da bu, diabetin araşdırılması üçün əsasdır). Müalicədə komanda: diabetik ayaq yaralarının müalicəsi endokrinoloq, damar cərrahı və yara baxımı mütəxəssislərinin birgə işidir; seçilmiş, uzun müddət sağalmayan yaralarda hiperbarik oksigen terapiyası əlavə müalicə kimi nəzərdən keçirilə bilər.

Diabet haqqında ən çox eşidilən yanlış inanclar

Dr. Mədinə Dilbazi yazır ki, pasiyentlərinin böyük əksəriyyəti xəstəlikləri barədə bir sıra fikirləri yanlış bilir və eşidir.

Ramazanda diabet və tiroid dərmanları

Diabetlisinizsə və oruc tutmaq niyyətiniz varsa, bu qərarı Ramazandan əvvəl həkiminizlə müzakirə edin.